Home Xəbərlər Mərkəzi Bankın İdarə Heyətinin 2011-ci ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilib
Mərkəzi Bankın İdarə Heyətinin 2011-ci ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilib PDF faylını al Çap E-poçt

Mərkəzi Bankın struktur bölmələrinin və regional ərazi idarələrinin rəhbərlərinin iştirak etdiyi iclasda sədr Elman Rüstəmov giriş nitqi ilə çıxış edib.

E. Rüstəmov bildirib ki, mürəkkəb qlobal iqtisadi proseslər fonunda ölkədə iqtisadi inkişafın dayanıqlığının qorunmasında Mərkəzi Bank fəal iştirak etmişdir. Onun sözlərinə görə, makroiqtisadi sabitliyin keşiyində dayanan və iqtisadiyyatın inkişafına strateji dəstək verən müasir dövlət təsisatlarından biri kimi Mərkəzi Bankın fəaliyyəti hər bir iqtisadi sistemin yekun hədəfi olan sosial rifah səviyyəsinin yüksəlməsinə xidmət edir. İnflyasiya aşağı səviyyədə qorunur, milli valyutanın sabitliyi və bankların iqtisadi inkişafa maliyyə dəstəyi təmin edilir, müasir ödəniş sistemləri fəaliyyət göstərir və maliyyə xidmətlərinin keyfiyyəti artırılır.

Ötən il ərzində ödəniş sistemlərinin sabit fəaliyyəti və inkişafı da Mərkəzi Bankın fəaliyyətinin başlıca prioritetlərindən biri olmuşdur. Məqsədyönlü islahatlar nəticəsində elektron ödəniş sistemləri inkişaf etdirilir. Qabaqcıl standartlara uyğun nağd pulun yeni idarəetmə sistemi formalaşdırılır, xəzinə infrastrukturları optimallaşdırılır.

İclası yekunlaşdıraraq ümumilikdə 2011-ci ilin nəticələrini müsbət qiymətləndirən E.Rüstəmov növbəti strateji dövrdə Mərkəzi Bankın qarşısında duran vəzifələri də açıqlayıb. O bildirib ki, müasir mərhələdə Mərkəzi Bank fundamental strateji çağırış qarşısındadır və bunlar Bankın institusional potensialının daha da müasirləşdirilməsini tələb edir. Mərkəzi Bankın növbəti strateji planlaşdırma mərhələsinə daxil olduğunu qeyd edən E.Rüstəmov bildirib ki, bu mərhələdə AMB tərəfindən həyata keçiriləcək layihələr Mərkəzi Bankın institusional təkmilləşdirilməsi və modernləşməsinə xidmət edəcəkdir.

Mərkəzi Bank makroiqtisadi və maliyyə sabitliyini təmin edən yeni mexanizmləri inkişaf etdirmək məqsədilə qlobal miqyasda formalaşan yeni standartları əsas götürəcəkdir. 2012-ci ildə də bank sisteminin tənzimlənməsi və nəzarət çərçivəsinin ən son beynəlxalq təcrübə və standartlar əsasında köklü müasirləşdirilməsi başlıca prioritet olacaqdır.

Mərkəzi Bankın başlıca strateji vəzifələrindən biri Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun “Azərbaycan 2020: gələcəyə baxış” konsepsiyasının işlənməsində və reallaşdırılmasında fəal iştirak etməklə ölkənin iqtisadi inkişafına öz töhfəsini verməkdir.

Yeni strateji dövrdə Mərkəzi Bankın əsas funksiyaları ilə yanaşı, missiyaya xidmət edən digər funksiyalarının da əsaslı müasirləşdirilməsi qarşıya məqsəd qoyulmuşdur. İnsan kapitalının inkişafı qarşıdakı illər üçün də əsas vəzifələrdən biri olacaqdır.

 
Bəner