| Mərkəzi Bankın 20 illiyi qeyd edilib |
|
|
|
|
Bununla bağlı keçirilən tədbirdə çıxış edən qurumun rəhbəri Elman Rüstəmov bu müddət ərzində Mərkəzi Bankın nailiyyətlərini iştirakçıların diqqətinə çatdırıb. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov çıxışında bildirib ki, Mərkəzi Bank ölkədə dayanıqlı bank sisteminin formalaşmasında, ödəniş sisteminin müasirləşməsində, elektron bankçılıq təcrübəsinin tətbiqində, iqtisadiyyatın nağd pulla fasiləsiz təmin olunmasında, nəhayət insan kapitalının formalaşmasında qarşısında duran vəzifələri müvəffəqiyyətlə həll etmişdir. Bundan başqa, 20 illik fəaliyyəti dövründə Mərkəzi Bank üç böyük böhran sınağından uğurla çıxmışdır. Belə ki, Mərkəzi Bankın hökumətlə birlikdə məqsədyönlü fəaliyyəti sayəsində 1993-1994-cü il transformasiya böhranı, 1998-ci il Asiya və 2008-ci il qlobal maliyyə böhranları zamanı ölkədə makroiqtisadi sabitlik və bank sisteminin dayanıqlığı qorunmuş, iqtisadi inkişafa zəruri dəstək verilmişdir. E.Rüstəmov qeyd edib ki, son qlobal maliyyə böhranından sonra dünya müstəvisində baş verən dəyişikliklər, post-böhran dövründə dünyada gedən gərgin iqtisadi proseslər fonunda Mərkəzi Bankın qarşısında duran vəzifələr də mürəkkəbləşir, yeni hədəflər yaranır. Mərkəzi Bankın başlıca missiyası qiymətlərin sabitliyini təmin etmək, maliyyə sabitliyini qorumaq və ölkənin iqtisadi inkişafına dəstək verməkdir. Onun sözlərinə görə, mühüm dövlət institutu olaraq Mərkəzi Bank bundan sonra da ölkənin iqtisadi inkişafında fəal iştirak edəcəkdir. |






