| Cari ilin dekabrın 1-ə ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşlarının həcmi açıqlanıb |
|
|
|
|
Hesabat dövrünə bu məbləğ 9 852,8 milyon manat təşkil edib. Mərkəzi Bankın mətbuat xidmətinin verdiyi məlumatda dekabr ayının 1-ə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşlarının 9 852,8 milyon manat təşkil etdiyi və bu göstəricinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% artdığı bildirilir. Kreditlərin 33,0%-i və ya 3 250,9 milyon manatı ev təsərrüfatlarına verilib. Ticarət və xidmət sahəsinə yönəldilən kreditlərin həcmi isə 2 882,2 milyon manat (29,3%) olub. Nəqliyyat və rabitə sahəsinin payına kreditlərin 381,4 milyon manatı (3,9%), sənaye və istehsalın payına isə 591,4 milyon manatı (6%) düşüb. Energetika, kimya və təbii ehtiyatlar sahəsinə kreditlərin 311,7 milyon manatı və ya 3,2%-i, kənd təsərrüfatı və emalına 485,3 milyon manatı və ya 4,9%-i, inşaat və əmlak sahəsinə 783,0 milyon manat (7,9%), digər sahələrə isə 45,4 milyon manatı və ya 0,5%-i yönəldilib. Hesabat dövrünə kreditlərin 3 093,9 milyon manatı (31,4%) qısamüddətli, 6 milyard 758,9 milyon manatı (68,6%) isə uzunmüddətli kreditlər olub. Dövlət bankı tərəfindən iqtisadiyyata 3 272,3 milyon manat (33,2%), özəl banklar tərəfindən 6 329 milyon manat (64,2%), qeyri-bank kredit təşkilatları tərəfindən isə 251,5 milyon manat (2,6%) kredit qoyulmuşdur. Kreditlərin 6 271,6 milyon manatı və ya 63,7%-i manatla, 3 581,1 milyon manatı və ya 36,3%-i xarici valyuta ilə verilmişdir. Kredit qoyuluşlarının 636,7 milyon manatı (6,5%) vaxtı keçmiş kreditlərin payına düşüb. |






